Corporate Notes

Korporativ hüquq, müqavilələr, kapital bazarı və şirkətlərin necə idarə olunması sadə və düşündürücü qeydlər ilə

Qapalı qalmaq, yoxsa birjaya çıxmaq? – IPO, qapalı qalmaq və şirkətin kütləvi təklif etməklə kapital bazarına çıxmasının əsl mənası

Təsəvvür edin ki, şirkət bir və ya bir neçə təsisçi tərəfindən yaradılıb. İllər keçir, şirkət böyüyür, gəlirləri artır, yeni bazarlara daxil olur və qarşısında daha böyük investisiya imkanları yaranır. İndi isə şirkətə ciddi məbləğdə kapital lazımdır: yeni zavod tikilməlidir, yeni məhsul yaradılmalıdır, başqa şirkət alınmalıdır və ya sadəcə mövcud borclar azaldılmalıdır.

Bəs şirkət bu kapitalı haradan tapsın?

Şirkət bankdan borc ala bilər. Mövcud səhmdarlardan əlavə vəsait tələb edə bilər. Vençur kapitalı (venture capital) və ya özəl kapital (private equity) investoru cəlb edə bilər. Və nəhayət, səhmlərini geniş investor kütləsinə təklif edərək açıq kapital bazarına çıxa bilər.

Bu sonuncu yol bizi ilkin kütləvi təklifə (Initial Public Offering — IPO) gətirir.

IPO haqqında ilk təsəvvür adətən çox sadədir: şirkət səhmlərini şəxslərə, yəni potensial investorlara satır və pul qazanır. Əslində isə IPO şirkətin həyatında bundan daha böyük dəyişiklikdir. Şirkət təkcə yeni investorlar qazanmır; onun maliyyələşmə imkanları, səhmdar strukturu, məlumatların açıqlanması (disclosure), korporativ idarəetmə (corporate governance) sistemi, investorlarla münasibətləri və bəzən hətta rəhbərlərin, yəni idarəetmə orqanlarının qarşılaşdığı təzyiqlər də dəyişir. Ona görə IPO-nu yalnız maliyyə hadisəsi kimi deyil, şirkətin qapalı kapital münasibətlərindən publik kapital bazarına keçidi kimi düşünmək daha doğrudur.

Müqayisəli təhlildən əvvəl onu qeyd etmək lazımdır ki, bu bloqda daha çox inkişaf etmiş kapital bazarına sahib ölkələrdən biri kimi Böyük Britaniya sistemi ilə müqayisəli məqamlar qeyd edildiyindən, publik şirkət (public limited company or PLC) və qapalı şirkət (private limited company or Ltd) dedikdə hansı şirkət formalarından söhbət getdiyi aydınlaşdırılmalıdır. Burada qapalı şirkət və publik şirkət dedikdə, müvafiq olaraq səhmlərini kütəvi təklif etməyən və kütləvi təklif edən şirkətlər başa düşülməlidir. Azərbaycan qanunvericiliyinə əsasən, qapalı şirkət dedikdə qapalı səhmdar cəmiyyətləri (QSC) nəzərdə tutulduğu halda, publik şirkət yalnız açıq səhmdar cəmiyyəti (ASC) ola bilər, çünki qanunvericilik səhmlərin geniş investor kütləsinə təklif edilməsinə məhz ASC-lər üçün imkan verir. Başqa sözlə, şirkət səhmlərini kütləvi təklif barədə düşünmək astanasında qalanda təşkilati-hüquqi formasını uyğunlaşdırmalı olduğunu da nəzərə almalıdır, amma dərdini çəkməməlidir, hüquqşünaslar bunu çox rahat edəcəklər, əsas aşağıda müzakirə edilənlərdir.


Qapalı qalmaq niyə bu qədər cəlbedicidir?

Əvvəlcə əks sualdan başlayaq: əgər publik olmaq bu qədər imkan yaradırsa, şirkətlər niyə illərlə qapalı qalırlar? Çünki qapalı qalmağın çox ciddi üstünlükləri var. Qapalı şirkətin səhmdarları nisbətən məhdud dairədə ola bilər. Bank, dövlət, ailə üzvləri, strateji investorlar, vençur kapitalı fondları və özəl kapital fondları şirkətin səhmdarları ola bilər. 

Qapalı şirkətin ən böyük üstünlüklərindən biri nəzarətdir (control). Təsisçi şirkətin strategiyasına daha çox təsir göstərə bilər və hər qərar minlərlə səhmdarın gözləntisini nəzərə almaq məcburiyyətində qalmaya bilər. Şirkətin uzunmüddətli investisiya qərarı verməsi daha asan ola bilər, çünki onun səhmlərinin qiyməti hər gün bazarda dəyişmir və rəhbərlik hər rüb analitiklərin gözləntiləri ilə eyni səviyyədə üzləşmir.

İkinci mühüm məsələ məlumatların açıqlanmasıdır (disclosure). Publik şirkətin investorlara və bazara açıqlamalı olduğu məlumatların həcmi əhəmiyyətli dərəcədə artır. Qapalı şirkətdə isə məlumatların daha məhdud investor dairəsində qalması mümkündür. Bu, şirkətin kommersiya strategiyası baxımından müəyyən üstünlük yarada bilər.

Üçüncü məsələ xərclərdir (costs). IPO özü bahalı prosesdir: hüquqşünaslar, auditorlar, maliyyə məsləhətçiləri, anderrayterlər, prospektin hazırlanması, hüquqi və maliyyə yoxlamaları (due diligence), tənzimləyici prosedurlar və daha sonra davamlı hesabatlılıq ciddi resurs tələb edir.

Deməli, şirkət üçün əsas sual heç də “publik olmaq yaxşıdırmı?” deyil. Əsas sual budur: “Şirkətin hazırkı inkişaf mərhələsində kütləvi kapital bazarına çıxmağın faydası bu prosesin xərcini və əlavə tənzimləyici yükünü üstələyirmi?”

Bu sual bizi İPO-nun üstünlüklərinə gətirir.


İPO şirkətə nə verir?

İlk və ən aydın üstünlük daha geniş kapitala çıxışdır (access to capital). Şirkətin böyümək üçün ehtiyacı olan kapital bəzən mövcud səhmdarların ödəyə biləcəyi məbləğdən daha böyük olur. Bank kreditinin artırılması isə borclanma səviyyəsini həddindən artıq yüksəldə bilər. Bu vəziyyətdə şirkət yeni səhmlər buraxaraq investorların kapitalını cəlb edə bilər.

Qapalı şirkətdə investorun səhmini pula çevirməsi həmişə asan deyil. Tutaq ki, bir investor on il əvvəl şirkətə 1 milyon manat qoyub və bu gün onun payı 10 milyon manat dəyərindədir. Kağız üzərində investor çox qazanc əldə edib. Amma həmin 10 milyon manatlıq payı kimə satacaq? Alıcı tapmalıdır, qiymətdə razılaşmalıdır və səhmlərin ötürülməsi ilə bağlı müqavilə və nizamnamə məhdudiyyətlərini nəzərə almalıdır. Publik şirkətdə isə səhmlər ticarət olunduğu üçün likvidlik (liquidity) yaranır. İnvestor artıq ayrıca alıcı axtarmadan, bazarda mövcud tələb əsasında səhmini sata bilər. Buna görə də publik şirkətin səhmləri qapalı şirkət səhmləri ilə müqayisədə daha çevik investisiya alətinə çevrilə bilər.

Bu məsələ xüsusilə vençur kapitalı və özəl kapital investorları üçün vacibdir. Onların investisiya modeli çox vaxt belədir: şirkətə erkən mərhələdə investisiya qoyulur, şirkət böyüdülür və müəyyən müddətdən sonra investor investisiyasından çıxış edir. IPO belə çıxış mexanizmlərindən biri ola bilər.


Kütləvi təklif edilən səhm yalnız investisiya deyil, şirkətin böyümə alətinə də çevrilir

Kütəvi təklifin üstünlüklərindən biri odur ki, şirkətin səhmləri sonradan başqa korporativ əməliyyatlarda da istifadə oluna bilər. Məsələn, şirkət başqa bir biznesi almaq istəyir. Qapalı şirkət üçün əsas seçimlərdən biri nağd pul ödəmək və ya borclanmaqdır. Publik şirkət isə müəyyən hallarda öz səhmlərini həmin əməliyyatda əvəzləşdirmə vasitəsi (consideration) kimi təklif edə bilər. Məsələn: “Sizə 50 milyon manat nağd ödəmək əvəzinə, bizim şirkətin səhmlərindən müəyyən hissəsini verək.” Bu, qeyri-üzvi artım (inorganic growth) strategiyasını asanlaşdıra bilər. Qeyri-üzvi artım dedikdə şirkətin yalnız öz fəaliyyətini genişləndirməsi deyil, digər şirkətləri satın almaqla böyüməsi nəzərdə tutulur.

Kütləvi təklif edilən səhmlərin başqa bir üstünlüyü onların işçilərin mükafatlandırılmasında istifadə edilə bilməsidir. Səhm əsaslı mükafatlandırma (share-based remuneration) və səhm opsionları menecerlərin və işçilərin maraqlarını şirkətin uzunmüddətli dəyəri ilə müəyyən qədər əlaqələndirə bilər.

Bundan başqa, publik status şirkətin böyük və qlobal investorlar üçün görünürlüğünü (visibility) artırır. Şirkət müəyyən meyarlara cavab verdikdə müxtəlif fond və indekslərin (FTSE 100, S&P 500 və s.) tərkibinə daxil ola bilər. Bu isə həmin indeksləri izləyən investisiya fondları və digər institusional investorların şirkətə marağını artıra bilər. Beləliklə, İPO-nun nəticəsi yalnız “şirkət pul əldə etdi” olmur. Şirkət daha geniş investor ekosisteminə daxil olur.


Publik olmaq şirkətin həyatını niyə çətinləşdirir?

Bütün bunların əvəzində şirkət bir şeydən imtina edir: məxfilik və müəyyən dərəcədə sərbəstlikdən. Publik şirkət bazarın qarşısında daha şəffaf olmalıdır. İnvestor şirkətə pul qoyarkən onun maliyyə vəziyyəti, riskləri, idarəetməsi və əhəmiyyətli hadisələri haqqında məlumat əldə etmək istəyir. Buna görə məlumatların açıqlanması (disclosure) publik kapital bazarının əsas dayaqlarından biridir. Bu isə şirkət üçün həm hüquqi, həm də kommersiya yüküdür.

Bir tərəfdən investorların qorunması üçün daha çox məlumat açıqlanır. Digər tərəfdən şirkət rəqiblərinə və bazara öz fəaliyyəti haqqında daha çox məlumat vermiş olur.

Daha sonra bazar nəzarəti (market scrutiny) başlayır. Qapalı şirkətdə rəhbərlər və səhmdarlar bir neçə investorla əlaqədə ola bilər. Publik şirkətdə isə şirkətin qərarları minlərlə investor, analitik, media və bazar iştirakçısı tərəfindən qiymətləndirilə bilər. Həmin münasibətlər əvvəlcədən müəyyən edilmiş protokollarla və sonradan aparılan hesabatlılıqla təmin edilir, əks halda insayder ticarəti (insider trading) kimi skandallar meydana çıxa bilər. 

Şirkətin səhmlərinin qiyməti hər gün dəyişir. Şirkətin nəticələri gözləntilərdən aşağı olduqda səhmin qiyməti düşə bilər. İqtisadi böhran, faiz dərəcələrinin dəyişməsi və ya ümumi bazar pessimizmi şirkətin fundamental vəziyyəti dərhal dəyişməsə belə, onun bazar qiymətinə təsir edə bilər. Bu, publik şirkət üçün bir paradoks yaradır: bazar qiyməti şirkətə dəyər və likvidlik verir, amma eyni zamanda şirkəti bazarın emosiyalarına məruz qoyur.


İPO və korporativ idarəetmə (corporate governance): əsl dəyişiklik burada başlayır

Məncə, İPO mövzusunun hüquqşünas üçün ən maraqlı tərəfi məhz budur. Şirkət publik olduqda artıq yalnız “kim nə qədər səhmin və ya başqa sözlə şirkətin nə qədər hissəsinin sahibidir?” sualı yaranmır. Daha mürəkkəb bir məsələ meydana çıxır: Şirkətin sahibi olan səhmdarlar ilə şirkəti idarə edən icra orqanı və müşahidə şurasının maraqları necə uzlaşdırılmalıdır? Bu, sahiblik və nəzarətin ayrılması (separation of ownership and control) probleminin klassik formasıdır.

Məsələn, şirkətin 10,000 səhmdarı ola bilər. Onların heç biri şirkəti gündəlik idarə etmir. Şirkəti gündəlik fəaliyyətində icra orqanı (təkbaşçı direktor və ya kollegial idarə heyəti) və yuxarı səviyyədə müşahidə şurası idarə edir.

Belə vəziyyətdə idarətmə orqanları kimi icra orqanı və müşahidə şurasının üzvlərinin fidusiar vəzifələri (fiduciary duties), sadiqlik vəzifəsi (duty of loyalty), lazımi qayğı vəzifəsi (duty of care), maraqlar toqquşması (conflict of interest) və səhmdarların hüquqları xüsusi əhəmiyyət kəsb edir.

Publik olmaq şirkətin idarəetmə strukturuna daha peşəkar yanaşmanı təşviq edə bilər. Müstəqil müşahidə şurası üzvləri (independent directors), audit komitələri, risklərin idarə edilməsi, daxili nəzarət və investorlarla kommunikasiya kimi mexanizmlər daha böyük əhəmiyyət qazanır.

Burada Böyük Britaniya ilə Azərbaycan arasında çox maraqlı fərq yaranır.


Böyük Britaniyada “comply or explain”, bəs Azərbaycanda?

Bir çox ölkələr, o cümlədən Böyük Britaniyada listinqə daxil olan şirkətlər üçün Korporativ İdaəetmə Məcəlləsi (UK Corporate Governance Code) çox mühüm rol oynayır. Məcəllə “comply or explain” — “riayət et və ya izah et” modelinə əsaslanır. Yəni şirkət müəyyən korporativ idarəetmə prinsiplərinə riayət etmirsə, bunun səbəbini izah etməlidir. Bu, bir növ şirkətlərə sərbəstlik (flexibility) verir, hansısa prinsip şirkətə və ya onun biznes modelinə uyğun gəlmirsə onlar məcbur edilmir bunu düpbədüz baxıb tətbiq etməyə, tətbiq etməyə bilərlər, amma bir şərtlə ki, niyə tətbiq etmədiyini ağlabatan biznes mühakiməsi ilə izah edə bilsin və bu izahdan şirkətin sahibləri olan səhmdarlar razı qalsın. Bu, vacib bir nüansdır: Məcəllənin müddəaları qanun norması kimi məcburi olmasa da, publik şirkət üçün “riayət et və ya izah et” mexanizmi ilə bazar intizamı yaradır. Şirkət “biz bu prinsipi tətbiq etmirik” deyə bilər, amma sonra bunun səbəbini investorlara izah etməlidir. Ümumiyyətlə, İƏİT-in 2025-ci il üzrə Korporativ İdarəetmə hesabatına (OECD Corporate Governance Report 2025) görə, korporativ idarəetmə çərçivəsi yalnız məcəllələrdən deyil, şirkətlər haqqında qanunvericilik, qiymətli kağızlar bazarı qaydaları, listinq tələbləri və digər məcburi normaların birlikdə tətbiqindən formalaşır. Bu baxımdan, “riayət et və ya izah et” yanaşması müxtəlif ölkələrdə fərqli formada tətbiq olunur.

Azərbaycanda da nəzəriyyədə oxşar mənzərə müşahidə edilir, lakin ümumilikdə səhm bazarı aktiv olmadığından praktikada tətbiqi UK təcrübəsində olduğu kimi qınağa və çoxsaylı yenilənməyə məruz qalmır.  

Belə ki, 2011-ci ildə Azərbaycan Korporativ İdarəetmə Standartları hazırlanıb və İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilib. Standartlar beynəlxalq təcrübəyə, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) prinsiplərinə əsaslanırdı. Dünya təcrübəsində olduğu kimi Standartların müddəaları hüquqi baxımdan məcburi deyil, könüllü xarakter daşıyır. Sənədin özünün izahında da gələcəkdə “riayət et və ya izah et” prinsipinin tətbiqinin məqsədəuyğun ola biləcəyi qeyd olunurdu. İƏİT-in Azərbaycan üzrə son qiymətləndirməsində də qeyd edilir ki, Azərbaycanda 2011-ci il Azərbaycan Korporativ İdarəetmə Standartları könüllüdür. Lakin ayrı-ayrı şirkətlər üçün qanunvericilik səviyyəsində və ya yuxarı idarəetmə orqanı tərəfindən qəbul edilmiş məcburi hüquqi qüvvəyə malik Standartlar tətbiq edilməkdədir. 

Bundan başqa Azərbaycanda əsas hüquqi baza Azərbaycan Respublikasının Mülki Məcəlləsi və konkret fəaliyyət sahəsinə tətbiq olunan digər qanunvericilik aktlarıdır. Yəni Azərbaycanda “korporativ idarəetmə” yalnız könüllü standartlardan ibarət deyil; onun məcburi hissəsi qanunvericilikdən, xüsusilə Mülki Məcəllədən, məcburi standartlardan (məs: banklar, investisiya fondları üzrə və s) və sahə üzrə xüsusi normativ bazadan gəlir.


Bəs Azərbaycanda publik olmaq şirkətə hansı real üstünlükləri verir?

Burada xarici dərsliklərdə sadalanan üstünlükləri Azərbaycan reallığına olduğu kimi köçürmək düzgün olmaz. Məsələn, Böyük Britaniyada və ABŞ-da birjada listinq şirkətə böyük institusional investor bazarına, analitik əhatəyə (analyst coverage) və dərin təkrar bazara (secondary market) çıxış verə bilər. Azərbaycanda isə kapital bazarı daha kiçik və inkişaf mərhələsindədir. Buna görə publik olmaq avtomatik olaraq böyük investor bazarına çıxış demək deyil.

Azərbaycan şirkəti üçün hazırda daha real üstünlüklər səhmdar bazasının genişləndirilməsi, əlavə kapital cəlb edilməsi, şəffaflığın artırılması, investor etimadının formalaşdırılması və gələcək maliyyələşmələr üçün fəaliyyət təcrübəsi və nəticələr (track record)yaratmaq ola bilər.

Amma məsələyə yalnız şirkətin tərəfindən baxmaq kifayət deyil. Kapital bazarı iki tərəfli ekosistemdir: bir tərəfdə kapital axtaran şirkətlər, digər tərəfdə isə investisiya imkanı axtaran investorlar var. Şirkətlər deyə bilər ki, “investor bazarı kifayət qədər böyük deyil”, investorlar isə “bazarda kifayət qədər keyfiyyətli şirkət yoxdur”. Beləliklə, bir növ “toyuq, yoxsa yumurta?” (“chicken or egg?”) problemi yaranır.

Bu dövrənin qırılmasında uğurlu IPO-lar mühüm rol oynaya bilər. Uğurlu IPO həm şirkətə kapital gətirir, həm də yeni investorları bazara cəlb edərək digər şirkətlər üçün də publik olmağın real imkan olduğunu göstərir.

Digər tərəfdən, səhmin publik olması onun avtomatik olaraq likvid olması demək deyil. Səhmlər geniş investor dairəsinə təklif olunsa da, aktiv alıcı və satıcı bazarının formalaşması ayrıca məsələdir. Buna görə IPO-nun uğurunu yalnız “şirkət nə qədər pul topladı?” sualı ilə deyil, həm də “IPO-dan sonra həmin səhmlərlə real və davamlı bazar formalaşdımı?” sualı ilə qiymətləndirmək lazımdır. Burada da ilkin bazar (primary market) ilə təkrar bazar (secondary market) arasındakı fərq əhəmiyyət qazanır. 


Kütəvi təklifin Azərbaycanda nümunəsi: ABB və PAŞA Bank

Azərbaycan reallığında bu mövzunu konkretləşdirmək üçün ABB və PAŞA Bank nümunələri xüsusilə maraqlıdır. ABB 2024-cü ildə 322 milyon yeni səhm təklif edib. IPO dövründə 33 mindən çox investordan daxil olan sifarişlərin ümumi həcmi nəticəsində təxminən 56 milyon manat birbaşa investisiya cəlb olundu və kapital bazarına daxil oldu. Bu prosesin maraqlı tərəfi yalnız kapital cəlb olunması deyildi. Eyni zamanda çox böyük sayda fiziki və digər investorun bankın səhmdarına çevrilməsi baş verdi. Yəni kapital bazarının geniş investor bazası yaratmaq funksiyası real şəkildə özünü göstərdi. Hazırda ilkin kütləvi təklif başa çatmış olsa da, bankın səhmləri təkrar bazarda (secondary market) fond birjası vasitəsilə ticarət edilməkdədir

PAŞA Bank isə 2026-cı ildə öz səhmlərinin 5%-ni — 932,926 adi səhmi — ilkin kütləvi təklifə çıxardı. İlkin təklif qiyməti 55 manat idi. Bank bu IPO-nu Azərbaycanda özəl şirkət və özəl bank tərəfindən həyata keçirilən ilk IPO kimi təqdim edib. 2026-cı ilin iyun ayında uğurla yekunlaşan bu yerləşdirmədə 51,3 milyon manatlıq emissiyaya qarşı investorlardan 66,3 milyon manatlıqrekord sifariş gəlmiş və 18 minə yaxın unikal investor bankın səhmdarına çevrilmişdir. 

ABB ilə PAŞA Bank hadisələrinin  ortaq nöqtəsi isə budur: Səhm artıq yalnız məhdud səhmdarlar dairəsinin aktivindən çıxaraq daha geniş investor kütləsinin investisiya alətinə çevrilir. Bu nümunələr Azərbaycan kapital bazarı üçün əhəmiyyətli təkamül oldu. ABB dövlət, PAŞA Bank isə özəl sektor üçün cığır açdı. İndi bazar iştirakçılarının gözü növbəti addımdadır, bu uğurlu dalğaya qoşulacaq üçüncü cəsarətli şirkət hansı sahədən gələcək…


Nəticə

IPO-nu mən belə təsəvvür edirəm. Qapalı şirkətin ətrafında müəyyən sayda insan dayanır: təsisçilər, investorlar və rəhbərlər. Onlar şirkətin necə idarə olunacağını və kapitalın necə istifadə ediləcəyini müəyyən edirlər. İPO həmin dairəni genişləndirir.Yeni investorlar gəlir, səhmlər daha likvid olur, şirkət daha geniş kapitala çıxış əldə edir, mövcud investorlar üçün çıxış imkanı yaranır, səhmlər gələcək satınalmalarda istifadə oluna bilər və nəhayət şirkətin görünürlüğü artır. Amma bunun qarşılığında şirkət artıq bazarın qarşısındadır. Daha çox məlumat açıqlamalıdır, daha çox tənzimləyici tələblə üzləşir, investorların gözləntilərini nəzərə almalıdır, bazar dəyişkənliyinə məruz qalır, rəhbərlərin (icra orqanı və müşahidə şurası üzvləri) fəaliyyəti daha geniş şəkildə nəzarət olunur.

Azərbaycan üçün isə bu mövzu daha da maraqlıdır. Çünki burada söhbət yalnız ayrı-ayrı şirkətlərin kapital cəlb etməsindən getmir. Söhbət ümumilikdə kapital bazarı mədəniyyətinin formalaşmasından gedir. ABB-nin on minlərlə yeni səhmdar qazanması və PAŞA Bank-ın IPO vasitəsilə geniş investor kütləsinə çıxması göstərir ki, Azərbaycan şirkətləri üçün də “public equity” artıq yalnız nəzəri anlayış deyil. Lakin qarşıda daha maraqlı sual qalır:

Azərbaycan şirkətləri publik olduqdan sonra həqiqətən publik şirkət modelinə uyğun korporativ idarəetmə mədəniyyəti formalaşacaqmı? Çünki səhmləri ictimaiyyətə təklif etmək birinci addımdır. Əsl məsələ ondan sonra başlayır.

Əslində məsələ IPO-dan daha böyükdür…

Mənə görə bu mövzunun ən maraqlı tərəfi odur ki, IPO-ya sadəcə “şirkət pul topladı” kimi baxmaq çox səthi yanaşmadır. Şirkət kapitalı haradan cəlb etməyi seçəndə əslində daha çox şey dəyişir: kimin səhmdar olacağı, səhmdarların hansı hüquqlara sahib olacağı, rəhbərliyin kimə qarşı məsuliyyət daşıyacağı, nə qədər məlumat açıqlanacağı və şirkətin necə idarə olunacağı. Yəni başlanğıcda maliyyə qərarı kimi görünən bir seçim sonradan korporativ idarəetmə məsələsinə də çevrilir. Başqa sözlə, şirkətin pul tapmaq üsulu onun necə idarə olunacağını da dəyişə bilər.

Comments

Leave a comment